İstintaq Xidməti - İlia Ğuduşauri dövlət-siyasi vəzifə tutan şəxs tərəfindən vəzifə səlahiyyətindən sui-istifadə edilməsi faktı üzrə saxlanılıb
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları dövlət-siyasi vəzifə tutan şəxs tərəfindən vəzifə səlahiyyətindən sui-istifadə edilməsi faktı üzrə Gürcüstanın məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin sabiq müavini və eyni zamanda bəhsi keçən nazirliyin Satınalma Tender Komissiyasının sədri olan İlia Ğuduşaurini saxlayıblar – bu haqda qurumda keçirilən brifinqdə Maliyyə Nazirliyinin İstintaq Xidmətinin idarə rəisinin müavini Quqa Tavberidze bildirib.
Onun sözlərinə əsasən, istintaqla müəyyən edilib ki, 2022-ci ilin sentyabrın 27-də Gürcüstanın məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirliyi təcili tibbi yardım avtomobillərinin alınması üçün tender elan edib. Tenderin son benefisiarı publik hüquqi şəxs– Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzi olub. Tenderdə üç şirkət iştirak edib və ən aşağı qiymət – 8 525 876 lari təklif edən şirkətlərdən biri qalib olub.
“Qeyd olunan tender nazir müavini İlia Ğuduşaurinin qanunsuz tapşırığı ilə dayandırılıb. O, başqa şirkətə üstünlük vermək məqsədilə vəzifə səlahiyyətindən sui-istifadə edib. 2023-cü ilin mayın 10-da onun göstərişi ilə şərtləri konkret bir iddiaçıya uyğunlaşdırılmış yeni tender elan edilib, nəticədə də digər şirkətlər iştirak edə bilməyiblər.
Nazirlik əvvəlcədən seçilmiş şirkətə əsassız olaraq 2 138 196 lari ödəyib, bununla da dövlətin qanuni maraqları pozulub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi ilə aparılır.
Korrupsiya cinayətlərində iştirak edən şəxslərin müəyyən edilməsi, onların məsuliyyətə cəlb edilməsi və korrupsiya faktlarının maksimal şəkildə qarşısının alınması məqsədilə, Maliyyə Nazirliyinin İstintaq Xidməti intensiv rejimdə əməliyyat və istintaq hərəkətlərini davam etdirir” – Quqa Tavberidze açıqlayıb.