İstintaq Xidməti gömrük sərhədindən külli miqdarda qızıl-zinət əşyalarının qanunsuz keçirilməsi faktı ilə bağlı bir nəfəri saxlayıb

11:53, 02.09.2026

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə birgə və Baş Prokurorluğun koordinasiyası ilə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində gömrük sərhədindən külli miqdarda malın keçirilməsi qaydalarının pozulması faktı ilə bağlı bir nəfəri saxlayıb.
İstintaqla müəyyən edilib ki, Gürcüstan vətəndaşı “Sarpi” gömrük-keçid məntəqəsindən keçərkən idarə etdiyi avtomobilin salonunda xüsusi hazırlanmış gizli saxlanc yerlərindən istifadə etməklə 1 kiloqram 851 qram qızıl-zinət əşyasını gizli şəkildə ölkəyə keçirib.
Aşkarlanaraq götürülən zinət əşyalarının gömrük dəyəri 411 min 962 lari təşkil edir.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə aparılır. Bu maddə 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin mətbuat xidməti yayıb.

Oxşar