İstintaq Xidməti gömrük sərhədindən 8 kiloqrama qədər qızıldan hazırlanmış zinət əşyalarının qanunsuz keçirilməsi faktı ilə əlaqədar bir nəfəri saxlayıb

12:09, 05.10.2026

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə birgə və Gürcüstan Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində gömrük sərhədindən xüsusilə külli miqdarda malın gətirilməsi qaydalarının pozulması faktı ilə bağlı bir nəfəri saxlayıblar.

Qurumun məlumatına görə, operativ məlumat əsasında aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Gürcüstan vətəndaşı “Sarpi” gömrük-keçid məntəqəsindən keçərkən idarə etdiyi avtomobilin ehtiyat akkumulyatorunda xüsusi hazırlanmış gizli saxlanc yerindən istifadə etməklə 8 kiloqrama qədər qızıldan hazırlanmış zinət əşyalarını gizli şəkildə ölkəyə keçirib.

Aşkar edilərək götürülən zinət əşyalarının gömrük dəyəri 1 milyon 700 min lariyə yaxındır.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə aparılır. Həmin maddə 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar