İstintaq Xidməti gömrük-keçid məntəqəsinin növbə rəisini rüşvət alma faktına görə saxlayıb

11:55, 03.07.2026

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Baş Prokurorluq və Gəlirlər Xidməti ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Gəlirlər Xidmətinin Gömrük Departamentinin “Qırmızı Körpü” gömrük-keçid məntəqəsinin növbə rəisini külli miqdarda rüşvət alma faktı üzrə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs xidməti vəzifəsini icra edərkən bir vətəndaşa məcburi bəyannamə təqdim etmədən 200 min ABŞ dollarının ölkəyə gətirilməsinə şərait yaradacağını vəd edib. Bu qanunsuz himayə müqabilində dövlət məmuru hər belə hal üçün 8 min ABŞ dolları məbləğində rüşvət tələb edib.

İstintaq Xidmətinin əməkdaşları şübhəlini əvvəlcədən tələb etdiyi məbləğin bir hissəsini – 4 min ABŞ dollarını aldığı anda saxlayıblar.

Məhkəmənin qərarı əsasında aparılmış gizli istintaq tədbirləri nəticəsində cinayət əməlini təsdiqləyən audio və video sübutlar əldə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə istintaq aparılır. Həmin maddə 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət qulluqçularını və onlarla qanunsuz sövdələşməyə cəhd göstərən şəxsləri belə əməllərdən çəkinməyə çağırır. Qurum bildirir ki, bu kimi bütün qanun pozuntularına hüquq-mühafizə orqanları tərəfindən dərhal və qanun çərçivəsində ciddi reaksiya veriləcək.

Oxşar