İstintaq Xidməti gömrük qaydalarını pozaraq külli miqdarda mal gətirilməsi faktı üzrə dörd nəfəri saxlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gürcüstan Prokurorluğu və Gəlirlər Xidməti ilə əlaqələndirilmiş şəkildə aparılan əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində əvvəlcədən əlbir olan qrup tərəfindən gömrük qaydalarını pozaraq xüsusilə külli miqdarda mal gətirilməsi faktı üzrə dörd nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “Ğazbegi” gömrük-keçid məntəqəsindən keçməklə, yük avtomobilində xüsusi hazırlanmış gizli yerdən istifadə etməklə gömrük nəzarətindən gizli şəkildə 18 000 kiloqram “Oktan+” universal qatqını ölkəyə gətiriblər.
Təqsirləndirilən şəxslər gömrük qaydalarını pozaraq “Oktan+” maddəsini sistematik şəkildə Gürcüstana gətiriblər və bu maddədən nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yanacaq əldə ediblər. Cinayətkar qrupun üzvləri Qardabani Munisipalitetinin müxtəlif yerlərində yerləşən emalatxanalarda kustar üsulla hazırlanmış yanacağı Tbilisidə yerləşən özlərinə məxsus yanacaqdoldurma məntəqələrində satırlarmış.
İstintaq hərəkətləri nəticəsində müsadirə edilən maddənin dəyəri 22 000 laridən çoxdur.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi və 5-ci hissəsinin “d” yarımbəndi, eləcə 218-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da 8 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.