İstintaq Xidməti qanunsuz sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirin leqallaşdırılması faktları üzrə dörd nəfəri saxlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kvemo Kartli Bölgə Prokurorluğu ilə əməkdaşlıqla qanunsuz sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirin leqallaşdırılması faktları üzrə dörd nəfəri saxlayıblar. Eyni cinayət işi üzrə daha üç fiziki və üç hüquqi şəxsə qarşı ittiham irəli sürülüb.
Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər müvafiq lisenziya olmadan Kvemo Kartli bölgəsində Kür çayından sistemli şəkildə inert materiallar hasil edərək, daha sonra onları müxtəlif sahibkarlıq subyektlərinə satıblar.
İstintaqla həmçinin müəyyən edilib ki, dəyəri 2 138 771 lari təşkil edən 343 608 kubmetr inert material qanunsuz olaraq hasil edilib. Bu əməllə ətraf mühitə vurulan ziyan 2 235 507 lari təşkil edib.
Bununla yanaşı, təqsirləndirilən şəxslər qanunsuz fəaliyyət nəticəsində əldə etdikləri 2 138 771 lari məbləğində qanunsuz gəliri leqallaşdırıblar.
İş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi və 194-cü maddəsinin 3-cü hissəsinin “a” və “q” yarımbəndləri ilə aparılır, bu da cəza olaraq 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.