İstintaq Xidməti dövlət mülkiyyətində olan torpaqların dələduzluq yolu ilə mənimsənilməsi faktına görə üç şəxsi ifşa edib
İstintaq Xidməti dövlət mülkiyyətində olan torpaqların dələduzluq yolu ilə mənimsənilməsi faktına görə üç şəxsi ifşa edib

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və istifadəsi yolu ilə külli miqdarda dövlət əmlakının dələduzluqla mənimsənilməsi faktına dair üç şəxs barəsində cinayət təqibi başlanılıb. Məlumatı İstintaq Xidməti yayıb.

Qurumun məlumatına əsasən, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2020–2021-ci illərdə Mtsxeta-Mtianeti bölgəsində saxta sənədlərdən istifadə etməklə, ümumilikdə 496 000 lari dəyərində olan 8 041 m² sahəyə malik üç torpaq sahəsini dələduzluq yolu ilə qeydiyyata aldırıblar.

“İstintaq zamanı qanunsuz yolla mənimsənilmiş torpaq sahələri üzərinə həbs qoyulub. Həmin sahələrin dövlət mülkiyyətinə qaytarılması məqsədilə müvafiq hüquqi prosedurlar aparılır.

Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 362-ci və 180-ci maddələri ilə davam etdirilir ki, bu da altı ildən doqquz ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə məlumatda bildirilir.