İstintaq Xidməti azartlı oyunların qanunsuz keçirilməsi faktını aşkar edib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Batumi şəhərində müvafiq icazə olmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi faktını aşkar ediblər. Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına əsasən, bir nəfər saxlanılıb, digər şəxs barəsində isə qiyabi olaraq cinayət təqibinə başlanılıb.
“Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər müvafiq icazə olmadan, internet vasitəsilə, xarici internet kazinoların veb-saytlarına birbaşa yayım (“striminq”) şəklində azartlı və uduşlu oyunların gedişatının ötürüldüyü maskalanmış şəkildə onlayn oyun obyekti təşkil ediblər.
Obyekt leqal fəaliyyət göstərəcəyi təqdirdə, dövlət büdcəsinə icazə rüsumu şəklində 100 000 lari ödənilməli idi.
Hazırda qeyd olunan cinayət əməlində iştirak edən digər şəxslərin aşkarlanması məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi ilə aparılır, bu da cəza olaraq 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur” — Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında qeyd olunub.