İstintaq komissiyasının iclasına qatılmaması işi üzrə Qiorqi Vaşadze barəsində qətimkan tədbiri kimi 50 000 lari girov təyin edilib
İstintaq komissiyasının iclasına qatılmaması işi üzrə “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze barəsində qətimkan tədbiri kimi 50 000 lari girov təyin edilib.
Qeyd olunan qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Mzia Qarşaulişvili qəbul edib. Bu qərarla məhkəmə prokurorluğun vəsatətini təmin edib. Müdafiə tərəfi Qiorqi Vaşadzenin barəsində qətimkan tədbirinin görülməməsini tələb edirdi.
Qiorqi Vaşadzeyə girovu ödəmək üçün 30 gün vaxt verilib.
Qiorqi Vaşadzenin jurnalistlərə dediyi kimi, komanda yoldaşları ilə məsləhətləşdikdən sonra təyin olunan girovu ödəyib-ödəməmək barədə qərar verəcək.
“Hətta formal olaraq, bunu komissiya adlandırsalar da, Konstitusiyada yazılıb ki, heç olmasa yarısı müxalifətin nümayəndəsi olmalıdır. Müxalifətin nümayəndəsi kimi orada kimləri görürsünüz? Belə bir şey yoxdur. Orada heç kim yoxdur, müvafiq olaraq, konstitusiyaya əsaslanaraq, bu formasiya yalnızca qeyri-legitim parlament tərəfindən yaradıldığı üçün qeyri-legitim deyil, həm də ona görə qeyri-legitimdir ki, konstitusiyaya ziddir, komissiya olduqları və hər şeyi özləri edə biləcəkləri ilə bağlı vəsvəsəli fikirlərə sahib olan insanların məclisidir. Mən isə onlara deyirəm ki, çox az vaxtınız qalıb, ədalət bayram edəcək və biz mütləq qalib gələcəyik” – Qiorqi Vaşadze bildirib.
İlkin məhkəmə iclası mayın 27-nə, saat 12:00-a təyin edilib.
Qiorqi Vaşadzeni aprelin 15-də parlamentin müvəqqəti istintaq komissiyasının iclasına çağırıblar, lakin Vaşadze iclasa qatılmayıb. Qiorqi Vaşadzeyə qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürüblər. Bu isə “Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməmək” deməkdir. Bu, cərimə ilə və ya bir ilə qədər müddətə azadlıqdan məhrumetmə, üç ilə qədər müddətə vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə ilə cəzalandırılır.