İstintaq Xidməti külli miqdarda dövlət əmlakının dələduzluq yolu ilə mənimsənilməsi faktlarını aşkarlayıb
İstintaq Xidməti külli miqdarda dövlət əmlakının dələduzluq yolu ilə mənimsənilməsi faktlarını aşkarlayıb

 

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, cari ilin may ayında, saxta rəsmi sənədlərin hazırlanması-istifadə edilməsi ilə külli miqdarda dövlət əmlakının dələduzluq yolu ilə mənimsənilməsi faktları ilə əlaqədar 16 nəfərə qarşı cinayət təqibi başladılıb. Bu barədə məlumatı İstintaq Xidməti yayır.

Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2017-2021-ci illərdə Mtsxeta-Mtianeti bölgəsində saxta sənədlərdən istifadə etməklə, dələduzluq yolu ilə ümumilikdə sahəsi 21 632 m2 olan və ümumi bazar dəyəri 800 000 laridən artıq olan 12 torpaq sahəsini qeydiyyatdan keçiriblər.

“İstintaq prosesində qanunazidd şəkildə mənimsənilmiş torpaq sahələrinə həbs qoyulub. Ərazilərin dövlət mülkiyyətinə qaytarılması məqsədilə müvafiq hüquqi prosedurlar aparılır.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 362-ci və 180-ci maddələri ilə aparılır, bu isə 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur” – İstintaq Xidmətinin yaydığı məlumatda deyilir.