"İstəklilər Koalisiyası"nın liderləri bildirirlər ki, Ukraynada müharibənin həlli uzunmüddətli təhlükəsizliyi təmin etməli, BMT-nin prinsiplərinə uyğun olmalı və Ukraynanın suverenliyini qoruyub saxlamalıdır
"İstəklilər Koalisiyası"nın liderləri bildirirlər ki, Ukraynada müharibənin həlli uzunmüddətli təhlükəsizliyi təmin etməli, BMT-nin prinsiplərinə uyğun olmalı və Ukraynanın suverenliyini qoruyub saxlamalıdır

 

“İstəklilər Koalisiyası”nın liderləri ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək səyinə dəstək ifadə ediblər və Ukraynanın sərhədlərinin “zorla dəyişdirilməməsi”nə dair öz mövqelərini təkrarlayıblar.

“İstəklilər Koalisiyası”nın liderləri tərəfindən virtual rejimdə keçirilən görüşdən sonra yayılmış bəyanatda vurğulanaraq qeyd olunub ki, “istənilən həll Ukraynanı tam əhatə etməlidir, onun suverenliyini qoruyub saxlamalıdır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə uyğun olmalıdır və ölkənin uzunmüddətli təhlükəsizliyini təmin etməlidir”.

Böyük Britaniya, Fransa və Almaniya liderlərinin həmsədrlik etdiyi və dünya liderləri, ABŞ dövlət katibi Marko Rubio və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak etdiyi görüşdə sülhün “Ukrayna üçün təhlükəsizliyin güclü və etibarlı zəmanətləri” ilə dəstəklənməli olduğu bir daha deyilib.

Bəyanatda qeyd olunduğu üzrə, bu cür zəmanətlərin planlaşdırılmasını irəli aparmaq məqsədilə, koalisiyanın liderləri Marko Rubio ilə Amerika Birləşmiş Ştatları ilə birgə işi sürətləndirmək barədə razılığa gəliblər. Bununla yanaşı, koalisiya Avropa və NATO-nun maraqları ilə bağlı məsələlərin ayrı-ayrılıqda, avropalı tərəfdaşların və NATO müttəfiqlərinin tam iştirakı ilə müzakirə edildiyinə dair zəmanətləri təqdir edir. Həmçinin, liderlər Ukraynanın maliyyələşdirilməsi, o cümlədən dondurulmuş rus aktivlərinin istifadəsi ilə bağlı qərarın kritik əhəmiyyət daşıması ilə razılaşırlar.