İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilir
ABŞ-nin İstanbuldakı konsulluğunun binasında Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilir. Görüş iki ölkənin səfirliklərinin fəaliyyəti ilə bağlı ikitərəfli məsələlərin müzakirəsi məqsədinə xidmət edir.
Məlum olduğu kimi, ABŞ-nin nümayəndə heyətinə Dövlət Departamentinin köməkçisinin müavini Sonata Koulter, Rusiya nümayəndə heyətinə isə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru və Rusiyanın Kanadadakı sabiq səfiri Aleksandr Darçiyev rəhbərlik edir.
Həmçinin, Dövlət Departamentinin, Rusiya Xarici İşlər Nazirliyinin, eləcə də müvafiq səfirliklərin nümayəndələri nümayəndə heyətinə daxildir.
Bundan əvvəl, rus və amerikalı diplomatların İstanbul görüşünün gündəmində Ukrayna məsələsinin olmadığı məlum olub. Bu haqda “Reuters” ABŞ Dövlət Departamentinin mətbuat katibinə istinadən yazırdı.
Qeyd edilməlidir ki, bu, ABŞ və Rusiya nümayəndələrinin ikinci görüşü olacaq.
Bundan əvvəl, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya hakimiyyətinin nümayəndələri arasında danışıqlar aparılıb, görüşdə tərəflər digər məsələlərlə yanaşı, iki ölkənin səfirliklərinin fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər.