İstanbulda əldə olunmuş razılaşma çərçivəsində Ukrayna ilə Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutdu
Ukrayna ilə Rusiya arasında əsirlərin növbəti mübadiləsi İstanbulda əldə edilmiş razılaşmanın əsasında həyata keçirildi. Konkret olaraq, Ukrayna Rusiyanın əsirliyindən ağır yaralanmış və səhhətində problemləri olan şəxsləri geri aldı.
“İstanbulda razılaşdırılan prosesin davamı olaraq, xalqımızın geri qaytarılmasını davam etdiririk. Bu gün ağır xəstə və yaralı əsgərlərin Rusiya əsirliyindən geri qaytarılmasının ilk mərhələsidir. Onların hamısına təcili tibbi yardım lazımdır. Bu, mühüm humanitar addımdır. Mübadilə davam etməlidir. Əsirlikdə olan hər kəsi tapmaq və geri qaytarmaq üçün hər şeyi edirik. Bizə yardım edən hər kəsə minnətdaram,” – yazıb Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə.
Əsir məsələləri üzrə çalışan koordinasiya qərargahının məlumatına görə, azad olunanlar arasında Mariupol müdafiəçiləri də var. Qərargah təhlükəsizlik səbəblərinə görə, azad olunanların dəqiq sayını mübadilə prosesi tam başa çatdıqdan sonra açıqlayacaq.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi dünən də baş tutmuşdu – nəticədə, Ukrayna 25 yaşadək hərbçilərdən ibarət ilk qrupu geri aldı.