İstanbul meri Əkrəm İmamoğluna dəstək aksiyasında polislə nümayişçilər arasında toqquşma olub

16:18, 31.01.2025

Türkiyənin İstanbul şəhərində polislə nümayişçilər arasında toqquşma olub. Bu barədə Associated Press məlumat yayıb.

Medianın məlumatına görə, etirazçılar şəhərin müxalifətçi bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək nümayiş etdirmək üçün məhkəmə binasına gəliblər.

Çevik qüvvət polisinin siyasətçilərə xidmət edən xüsusi avtobusun qarşısını kəsməsindən sonra vəziyyət gərginləşib. Bunun ardınca etirazçılarla polis arasında toqquşma baş verib, asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Daha sonra İmamoğlu başqa yerdən camaat qarşısında çıxış edib.

“Bu günün məsələsi ədalət, haqq və ədalət axtarışıdır. Təəssüf ki, bugünkü məsələ İstanbula qarşı hazırlanan sui-qəsddən qaynaqlanır”. – Əkrəm İmamoğlu dedi.

Mətbuatda yayılan məlumata görə, İmamoğlu məhkəməyə ifadə vermək üçün çağırılıb. İstanbul meri artıq Türkiyə Ali Seçki Şurasının üzvlərini təhqir etməkdə təqsirli bilinib və onun hökmü yuxarı instansiya məhkəməsi tərəfindən təsdiq edilərsə, İmamoğlunu siyasi fəaliyyət qadağası gözləyir.

Mətbuatda yayılan məlumatlara görə, İmamoğlu 2015-ci ildə keçirilən tenderin saxtalaşdırılmasında iştirak etməkdə də ittiham olunur.

Oxşar