İsrailin Qəzzada həyata keçirdiyi hücum nəticəsində son 24 saatda azı 100 nəfər həlak olub
İsrailin Qəzza zolağında yenidən başladığı genişmiqyaslı hərbi əməliyyat çərçivəsində son 24 saat ərzində həyata keçirilmiş hücumlar nəticəsində azı 100 nəfər həlak olub.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanların əksəriyyəti qadınlar və azyaşlı uşaqlardır.
Ümumilikdə, cümə axşamı günü yenidən başladılan əməliyyatdan sonra Qəzzada ölənlərin sayı 350-ni keçib.
Hazırda Dohada İsrail və “Həmas” arasında atəşkəsə dair danışıqların yeni raundu keçirilir.
İsrailin Baş naziri Benyamin Netanyahu-nun ofisinin verdiyi məlumata görə, Dohada İsrail və “Həmas” arasında aparılan dolayı danışıqlar müharibənin bitməsi, atəşkəs və girovların azad olunmasına dair razılaşma təklifinin müzakirəsini əhatə edir. Bəyanatda bildirilir ki, müharibənin bitməsi Qəzza zolağının demilitarizasiyasını və Həmas döyüşçülərinin ərazidən çıxarılmasını da nəzərdə tutmalıdır.