İsrailin Müdafiə Qüvvələrində ehtimal ki, “HƏMAS”ın lideri Yahya Sinvarı öldürdüklərini bildirirlər

21:14, 17.10.2024

 
İsrailin Müdafiə Qüvvələrində ehtimal ki, “HƏMAS”ın lideri Yahya Sinvarı öldürdüklərini bildirirlər. Müdafiə Qüvvələrinin məlumatına əsasən, onlar bu məlumatı təsdiqləmək üçün işləyirlər. Mövcud məlumatlara əsasən, hazırda DNT nümunəsi ilə identifikasiya aparılır.

İsrail ordusunun məlumatına əsasən, Sinvar çərşənbə günü Qəzzada binalardan birində israilli hərbçilər tərəfindən öldürülən üç terrorçudan ehtimal ki, biridir.

Bununla yanaşı, iki israilli yüksək vəzifəli şəxsin “Reuters” agentliyinə dediyi kimi, İsrailin təhlükəsizlik kabinetinə “HƏMAS”ın lideri Yahya Sinvarın böyük ehtimalla öldürüldüyü barədə məlumat veriblər. İsrailin müdafiə naziri Yoav Qalant bir az bundan əvvəl sosial şəbəkədə yazıb ki, İsrailin düşmənləri gizlənə bilməz.

“Biz onları təqib edəcəyik və məhv edəcəyik” – Qalant yazır.

Məlumat üçün bildirək ki, Yahya Sinvar sələfi İsmail Hanienin Tehranda öldürülməsindən sonra “HƏMAS” qruplaşmasının lideri elan edilib. Bundan əvvəl o, Qəzza sektorunda “HƏMAS” qruplaşmasının rəhbəri idi. Sinvar İsrail tərəfindən axtarılanlar siyahısında birinci yerdə idi. Ölkənin xüsusi xidmət orqanları məhz onun 2023-cü ilin oktyabrın 7-də İsrailin yaşayış məntəqələrinə hücumun planlaşdırılması və icrasının təşkilatçısı olduğunu hesab edirdilər.

Sinvar 1962-ci ildə Cənubi Qəzzada Xan Yunisin qaçqın düşərgəsində anadan olub. O, həyatının çox hissəsini İsrail həbsxanasında keçirib. 1988-ci ildə o, ömürlük həbs cəzasına məhkum edilib. Yahya Sinvar İsrailin 2011-ci ildə “HƏMAS” tərəfindən əsir götürülmüş israilli hərbçi Qilad Şalitlə dəyişdirdiyi 1027 fələstinli məhbus arasında olub.

Oxşar