İsrailin xarici işlər naziri “HƏMAS”ın lideri Yahya Sinvarın öldürüldüyünü təsdiqləyir

22:11, 17.10.2024

 
İsrailin xarici işlər naziri İsrael Kats “HƏMAS”ın lideri Yahya Sinvarın öldürüldüyünü təsdiqləyir.

Nazir, israilli hərbçilərin Yahya Sinvarı bu gün öldürdüklərini bildirir. İsrael Katsın qeyd etdiyi kimi, onun öldürülməsi İsrail üçün böyük hərbi və mənəvi nailiyyətdir.

“7 oktyabr qırğınlarına və qəddarlıqlarına görə məsuliyyət daşıyan kütləvi qətllər törətmiş Yahya Sinvarı bu gün İsrailin Müdafiə Qüvvələrinin hərbçiləri öldürüblər. Bu, İsrail üçün böyük hərbi, mənəvi nailiyyət və İranın rəhbərlik etdiyi radikal İslamın şər oxu üzərində bütün azad dünyanın qələbəsidir” – İsrailin xarici işlər nazirinin bəyanatında deyilir.

İsrael Kats, Sinvarın öldürülməsinin girovları geri qaytarmaq və “HƏMAS” və İranın nəzarətindən azad edilmiş Qəzza qurmaq imkanı yaratdığını bildirir.

Məlumat üçün bildirək ki, Yahya Sinvar sələfi İsmail Hanienin Tehranda öldürülməsindən sonra “HƏMAS” qruplaşmasının lideri elan edilib. Bundan əvvəl o, Qəzza sektorunda “HƏMAS” qruplaşmasının rəhbəri idi. Sinvar İsrail tərəfindən axtarılanlar siyahısında birinci yerdə idi. Ölkənin xüsusi xidmət orqanları məhz onun 2023-cü ilin oktyabrın 7-də İsrailin yaşayış məntəqələrinə hücumun planlaşdırılması və icrasının təşkilatçısı olduğunu hesab edirdilər.

Sinvar 1962-ci ildə Cənubi Qəzzada Xan Yunisin qaçqın düşərgəsində anadan olub. O, həyatının çox hissəsini İsrail həbsxanasında keçirib. 1988-ci ildə o, ömürlük həbs cəzasına məhkum edilib. Yahya Sinvar İsrailin 2011-ci ildə “HƏMAS” tərəfindən əsir götürülmüş israilli hərbçi Qilad Şalitlə dəyişdirdiyi 1027 fələstinli məhbus arasında olub.

Oxşar