İsrailin hərbi qüvvələrinin Livanın cənub hissəsindən çıxmasından sonra Livan ordusu Zavtar al-Ğarbiaya yerləşməyə başlayıb
İsrailin hərbi qüvvələrinin ərazini tərk etməsindən sonra Livan ordusunun hərbçiləri ölkənin cənub hissəsinə Zavtar al-Ğarbia şəhərinə yerləşməyə başlayıblar. Məlumatı Livan təhlükəsizlik xidmətinin yüksəkrütbəli rəsmiləri təsdiqləyirlər.
Media, Livan hakimiyyətinin ölkənin cənubunda, hələ də İsrail qoşunlarının işğalı altında olan təxminən 10 kilometrlik dərinlikdəki zona üzərində nəzarəti bərpa edə biləcəyinə ümid etdiyinə dair məlumat verir.
Livan ordusu bir daha əhalini təhlükəsizlik vəziyyəti stabilləşənə qədər şəhərə daxil olmamağa və təhlükəsizlik məqsədilə hərbi birləşmələrin göstərişlərinə əməl etməyə çağırır.
“Reuters”in məlumatına əsasən, İsrail və Livan arasında bağlanan sülh razılaşması Livan ordusunun “Hizbullah” qruplaşmasının silahlarını müsadirə etməsini və İsrail qoşunlarının ərazidən mərhələli şəkildə çıxmasından sonra region üzərində nəzarəti ələ almasını nəzərdə tutur.
Məlumat üçün bildirək ki, İsrail Livanın cənub hissəsini dırnaqarası bufer zonası yaratmaq məqsədilə tutub. İsrailli yüksəkrütbəli rəsmilərin sözlərinə əsasən, onların məqsədi Livanın cənub hissəsinə nəzarət edən “Hizbullah” qruplaşmasını məhv etməkdir.