İsrailin Haifa şəhərində soyuq silahla hücum nəticəsində bir nəfər həlak olub
İsrailin liman şəhəri Haifada naməlum şəxs avtobus dayanacağında yoldan keçənlərə soyuq silahla hücum edib, nəticədə 70 yaşlı kişi həlak olub. Bu haqda məlumatı İsrail mediası yayır.
Nəşrin məlumatına əsasən, hücum nəticəsində daha 4 nəfər yaralanıb. Polis bu hücumu terror aktı kimi qiymətləndirir. Onların məlumatına əsasən, hücumçunu faciə yerində zərərsizləşdiriblər.
Xilasetmə xidmətinin xəbər verdiyi üzrə, hücum nəticəsində yaralananlar arasında yeniyetmə oğlan, 30 yaşlarında bir kişi və bir qadın var. Onların ciddi xəsarətləri var. Daha bir yaralı orta-ağır bədən xəsarətləri alan 70 yaşlı qadındır. Yaralıların hamısı Haifanın şimalındakı xəstəxanaya yerləşdirilib.
Medianın məlumatına əsasən, təhlükəsizlik xidmətləri hücumçunun şəxsiyyətini hələlik müəyyənləşdirməyiblər. İlkin məlumata əsasən, o, İsrail vətəndaşıdır. Bundan əvvəl mediada hücumda iki nəfərin iştirakı haqda məlumat yayılmışdı. Lakin “Times of Israel”in məlumatına əsasən, bu məlumat hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən hələlik təsdiqini tapmayıb.