İsrail Suriyanın Suveydə bölgəsində hökumət qüvvələrinə aviazərbə endirdi
İsrail Suriyanın Suveydə bölgəsində hökumət qüvvələrinə aviazərbə endirdi

İsrail hökumətinin məlumatına görə, İsrailin hərbi aviasiyası Suriyanın hökumət qüvvələrinə Suveydə şəhəri yaxınlığında aviazərbə endirib.

Aviazərbələr ondan sonra həyata keçirilib ki, Suriya hökumət qüvvələri əsasən druzlarla məskunlaşmış şəhərə daxil oldular. Bu şəhərdə son iki gün ərzində druzlar və bədəvi tayfaları arasında qanlı toqquşmalar baş verirdi.

Mediada yayılan məlumatlara görə, toqquşmalar nəticəsində təxminən 100 nəfər həlak olub. Hadisələrdən əvvəl Suriya müdafiə naziri bəyan etmişdi ki, Suveydədə atəşkəs əldə olunub və yerli nüfuzlu şəxslərlə təhlükəsizlik qüvvələrinin bölgəyə yerləşdirilməsi barədə razılığa gəlindiyini bildirmişdi. Lakin druzların dini liderlərindən biri yerli döyüşçülərə çağırış etdi ki, bu razılaşmaya tabe olmasınlar və Suriya hökumət qüvvələrinə müqavimət göstərsinlər.

Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etdi ki, Suveydə bölgəsində hava zərbələrinin əmri məhz onun tərəfindən verilib, çünki Suriya hökumətinin məqsədi hökumət qüvvələrindən druzlara qarşı istifadə etmək idi. Netanyahunun sözlərinə görə, İsrail Suriyada druzlara zərər yetirilməsinə yol verməyəcək, çünki onların İsrail və Qolan təpələrində yaşayan druzlarla yaxın əlaqələri mövcuddur.

Bu, dekabr ayında Bəşər Əl-Əsədin rejiminin devrilməsindən sonra ilk haldır ki, Suriya hökumət qüvvələri Suveydə bölgəsində yerləşdirilirlər. Suveydə əyalətinə əsasən druz hüquq-mühafizə qüvvələri nəzarət edir və onlar dəfələrlə Suriya hakimiyyəti ilə əməkdaşlıqdan imtina ediblər.