İsrail Prezidenti siyasi partiyaları seçkilərin daha bir turunun keçirilməsinin qarşısını almaq üçün hər şeyi etməyə çağırıb
İsrail Prezidenti İsaaq Hertsoq siyasi partiyaları seçkilərin daha bir turunun keçirilməsinin qarşısını almaq üçün hər şeyi etməyə çağırıb – bu barədə “The Times of Israel” xəbər verir.
“Xüsusilə dünənki hadisələrdən sonra, seçkilərin daha bir turunun keçirilməsinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Ona görə də buraya gələn hər kəsdən məsələyə açıq fikirli yanaşmasını gözləyirəm” — Hertsoq Yerusəlimdəki prezident iqamətgahında keçirilən görüşdə açıqlayıb.
O, gələn həftə Ali Məhkəmənin hakimindən seçkilərin rəsmi nəticələrini gözlədiyini deyib. Bundan sonra Hertsoq Knessetdə təmsil olunan hər bir fraksiyanın nümayəndələri ilə yeni hökumətin formalaşdırılması məsələsi üzrə məsləhətləşmələr aparacaq.
Bununla yanaşı, İsrail Prezidenti seçkilərdə seçici fəallığının xüsusilə yüksək olmasını müsbət qiymətləndirib və bunu “İsrail cəmiyyətinin qürur göstəricisi” adlandırıb. O, bu fəallığın israillilərin “demokratiyaya olan istəyinin” nə qədər güclü olduğunu göstərdiyini deyib.