İsrail mediası - Benyamin Netanyahu bu gün kabinet iclasında Qəzza zolağının tam işğalı təklifi ilə çıxış edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu bu gün nazirlər kabinetinin iclasında Qəzza zolağının tam işğalı ilə bağlı təkliflə çıxış edəcək. Bu barədə məlumatı İsrail mediası yayıb.
Jurnalistlərin bildirdiyinə görə, Netanyahu bu planı İsrail ordusunun rəhbər heyətinin və digər yüksək rütbəli hərbçilərin müqavimətinə baxmayaraq təqdim edəcək.
Məlumata görə, Qəzza zolağında əsir saxlanılan israillilərin ailələri də Netanyahunun təşəbbüsünə skeptik yanaşır və hesab edirlər ki, anklavın tam işğalı döyüş əməliyyatlarının onların yaxınlarının saxlandığı ərazilərə də yayılmasını nəzərdə tutur.
Hazırda İsrail ordusu Qəzza zolağının 75%-nə nəzarət edir. Anklavın tam işğalı baş verərsə, Qəzzada yaşayan milyonlarla insanın və orada fəaliyyət göstərən humanitar təşkilatların taleyi hələlik məlum deyil.
Qeyd edək ki, İsrail hökumət başçısının bu niyyəti barədə məlumatlar “Həmas”la aparılan danışıqların dalana dirəndiyi və qruplaşma üzvlərinin üç israilli girovun zəif və tükənmiş göründüyü görüntülərini yaydığı bir vaxtda ortaya çıxıb.