İsrail mediası - Abbas Arağçi Stiv Uitkofla telefon danışığı zamanı Müctəba Xameneinin Vaşinqtonla danışıqları dəstəklədiyini bildirib
İsrail mediası - Abbas Arağçi Stiv Uitkofla telefon danışığı zamanı Müctəba Xameneinin Vaşinqtonla danışıqları dəstəklədiyini bildirib

 

İranın xarici işlər naziri Abbas Arağçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofla telefon danışığı zamanı ölkənin Ali Lideri Müctəba Xameneinin Vaşinqtonla danışıqları dəstəklədiyini bildirib. İsrail mediası bu haqda yüksək vəzifəli İran rəsmisinə istinadən xəbər verir.

“Ynet” Uitkofla Arağçi arasında söhbətin martın 19-da baş tutması haqda məlumat verir.

Bununla yanaşı, İsrailə Vaşinqtonla Tehran arasında birbaşa təmaslar barədə məlumat verilməyib.

Nəşrin mənbəsi bildirib ki, Arağçi üçün ABŞ-a İranda hakimiyyətin necə təşkil olunduğunu göstərməsi və amerikalıların Arağçinin özünün hazırkı hakimiyyətin nümayəndəsi olduğunu bilməsi vacib idi.

Söhbət zamanı Arağçi bildirib ki, Xamenei müharibəni mümkün qədər tez bitirməyə hazırdır, lakin yalnız Tehranın şərtləri yerinə yetiriləcəyi təqdirdə.

“Ynet” qeyd edir ki, bunlar Tehranla Vaşinqton arasında Cenevrədə müharibədən əvvəl keçirilən danışıqlar zamanı müzakirə edilən şərtlərlə təxminən eynidir.

Xüsusilə, İran zənginləşdirilmiş uranın Rusiyaya aparılmasını müzakirə etməyə hazırdır, lakin nüvə proqramından və ballistik raketlərdən tam imtina etməyə hazır deyil.

ABŞ Prezidenti Donald Tramp da martın 23-də Vaşinqton və Tehran arasında danışıqlardan danışıb. O, danışıqları “çox yaxşı və məhsuldar” adlandırıb. Bu fonda ABŞ Prezidenti Pentaqona İranın elektrik stansiyalarına və enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı tapşırıb.

İran ABŞ ilə nəsə danışıqlar apardığını təkzib edir.

“Axios” nəşri mənbəyə istinadən yazır ki, Türkiyə, Misir və Pakistan Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçi rolunu yerinə yetirirdilər. İki gün ərzində üç ölkənin xarici işlər nazirləri həm Amerika, həm də İran tərəfləri ilə ayrı-ayrı görüşlər keçiriblər.