İsrail aviasiyası İranın Fordo nüvə obyektinə təkrar hücum həyata keçirib.
Fordo nüvə obyekti ABŞ-nin raket hücumunun hədəfi olan və bunker əleyhinə mərmi istifadə etdikləri nüvə obyektlərindən biridir.
Eyni zamanda Tehrandakı mövqelər də bombalanır.
Fordo Tehrandan cənubda təxminən 100 kilometrdə, Qum əyalətində dağlıq bölgədə yerləşir. İki əsas tuneldən ibarət olduğu ehtimal edilən yeraltı obyektdir. Burada uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqalar saxlanılır. Mövcud məlumatlara əsasən, Fordo stansiyası 100 metr dərinlikdə yerləşir.
Məlumat üçün bildirək ki, iyunun 22-də ABŞ İranın nüvə obyektlərini bombalayıb. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb: “Biz İranda üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana çox uğurlu hücumu tamamladıq. İndi bütün təyyarələr İranın hava məkanından kənardadır. Bombaların tam komplekti əsas obyektə, Fordoya atılıb. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdır. Möhtəşəm amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək ikinci ordu yoxdur. İndi sülh vaxtıdır!” – ABŞ prezidenti yazıb.