İsrail Baş nazirinin ofisi – Benyamin Netanyahu Müdafiə Qüvvələrinə “Qəzza zolağına dərhal və güclü zərbələr endirməyi” əmr edib
İsrail Baş nazirinin ofisi – Benyamin Netanyahu Müdafiə Qüvvələrinə “Qəzza zolağına dərhal və güclü zərbələr endirməyi” əmr edib

İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə Qüvvələrinə “Qəzza zolağına dərhal və güclü zərbələr endirməyi” əmr edib. Bu barədə məlumatı İsrail Baş nazirinin ofisi yayıb.

Netanyahunun əmri Qəzzanın cənubunda israilli hərbçilərə qarşı həyata keçirilmiş hücumdan sonra verilib.

Bununla yanaşı, İsraildə terrorçu “Həmas” qruplaşmasının atəşkəs şərtlərini yenidən pozmasına görə narazılıq artır. Bu pozuntular girovların cəsədlərinin qaytarılması məsələsinə aiddir.

İsrailin iddiasına görə, “Həmas” girovların cəsədlərini saxtalaşdırır və onların yanında olan 14 ölünün nəşinin qaytarılmasını ləngidir ki, bu isə atəşkəs razılaşmasına görə qruplaşmanın öhdəliyidir.

Məlumatda deyilir ki, bu gün “Həmas” İsrailə bir girovun cəsədini təhvil verib, lakin sonradan məlum olub ki, bu, İsrail Müdafiə Qüvvələri tərəfindən hələ 2023 və 2024-cü illərdə tapılmış israilli əsirlərdən birinin cəsədinin hissələri imiş.