İsrael Kats: Qəzzadan fələstinlilərin kütləvi köçünü təşviq etmək planları hələ də müzakirə olunur, Donald Tramp sadəcə onları dondurub
Qəzzadan fələstinlilərin kütləvi köçünü təşviq etmək planları hələ də müzakirə olunur və ABŞ Prezidenti Donald Tramp sadəcə olaraq bu planı dondurub. Bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
İsrailin müdafiə qurumunun rəhbərinin sözlərinə görə, nəticə etibarilə, bu köç olmadan Qəzzadakı problemin real həlli yoxdur.
“80 faiz köç etmək istəyir. Biz bunu müxtəlif sorğularla yoxlayırıq.
“HƏMAS” onların getməsinə imkan vermir və dünyada onları qəbul edəcək ölkələr yoxdur. Hazırda onları qəbul etməyə hazır olan bütün ölkələr ABŞ-ın dəstəyini istəyir. Bu mərhələdə Tramp bunu ləğv etməyib, dondurub.
Bu məsələ ilə bağlı təzyiqlərə görə bütün ərəb ölkələri onun yanına gəlib və deyiblər: sizə istədiyinizi verəcəyik – investisiyalar. “HƏMAS”ın tərksilah edilməsini də bunun qarşılığında, bu planın dondurulması müqabilində təmin edəcəyik”, – İsrael Kats bildirib.
Qəzzadan əhalinin köçürülməsinin nə vaxt başlayacağı ilə bağlı suala İsrael Kats belə cavab verib:
“ABŞ-ın Qəzza ilə bağlı mövcud planına əsasən, “HƏMAS”ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi aydınlaşdıqda”.