İspaniyanın Sahibkarlar Təşkilatları Konfederasiyasının məlumatına əsasən, elektrik enerjisinin genişmiqyaslı kəsilməsi İspaniya iqtisadiyyatına təxminən 1,6 milyard avro ziyan vurub

15:09, 01.05.2025

 

İspaniyanın Sahibkarlar Təşkilatları Konfederasiyasının məlumatına əsasən, elektrik enerjisinin genişmiqyaslı kəsilməsi İspaniya iqtisadiyyatına təxminən 1,6 milyard avro ziyan vurub.

Təşkilatda qeyd etdikləri kimi, bu, ölkənin ümumi daxili məhsulunun təxminən 0,1 faizini təşkil edir.

Yerli medianın məlumatına əsasən, bəzi bank analitikləri 2,25 milyarddan 4,5 milyard avroya qədər zərərin olacağını gözləyirdilər. Eyni zamanda, digər ekspertlər hesab edirlər ki, ziyan daha az ola bilər, çünki hasilat itkilərinin bir hissəsi ola bilsin, il ərzində kompensasiya olunsun.

Aprelin 28-də elektrik enerjisinin kəsilməsi səbəbindən ölkə faktiki olaraq 10 saatdan çox müddətə iflic vəziyyətinə düşdü. Bir çox müəssisə, məsələn, Pamplonadakı “Volkswagen” və Barselona yaxınlığındakı onun törəmə şirkəti “Seat” istehsalı dayandırmağa məcbur qaldı.

Qida sənayesi və pərakəndə ticarət sektoru da əhəmiyyətli itkilər barədə məlumat verir, bir çox supermarketlər soyudulmuş və dondurulmuş məhsul ehtiyatını atmaq məcburiyyətində qaldı, bir çox mağaza və restoran erkən bağlandı, bankomatlar işləmirdi və kartla ödəniş mümkün deyildi.

İspaniya hökuməti elektrik enerjisinin genişmiqyaslı kəsilməsinin səbəblərini hələ açıqlamayıb. Hadisə ilə bağlı istintaq davam edir.

Oxşar