İspaniyanın xarici işlər naziri bəyan edib ki, katalan, qalisian və bask dilləri Avropa İttifaqının rəsmi dilləri elan edilməyəcəyi təqdirdə, ölkə Avropa İttifaqının genişlənməsinə veto qoyacaq
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, katalan, qalisian və bask dilləri Avropa İttifaqının rəsmi dilləri elan edilməyəcəyi təqdirdə, İspaniya Aİ-nin genişlənməsinə veto qoyacaq.
Albaresin sözlərinə görə, İspaniya hökuməti yeni ölkələrin Avropa İttifaqına üzvlüyünü “dəstəkləyir”, lakin bu prosesin şərti kimi qalisian, bask və katalan dillərinin statusu məsələsinin həllini irəli sürür.
“Biz Avropa İttifaqının genişlənməsini tam dəstəkləyirik, lakin bununla yanaşı, rəsmi dillərimizin statusu məsələsinin həllində israr edirik. Katalan, bask və qalisian dilləri hələ də bu statusa malik deyilsə, Avropa İttifaqına yeni rəsmi dilin əlavə edilməsi ağlasığmazdır”, – deyə İspaniyanın xarici işlər naziri bildirib.
Albares bu açıqlamanı Avropa İttifaqının Ümumi Məsələlər Şurasının iclası ərəfəsində verib. İclasda Aİ-nin genişlənməsi məsələsi də müzakirə olunacaq. İclas sentyabrın 22-də keçiriləcək.
Bundan əvvəl Avropa Komissiyası bildirmişdi ki, sentyabrın sonunadək Aİ-yə yeni üzv olacaq ölkələr üçün məhdudiyyətlər və qoruyucu mexanizmlərlə bağlı təkliflər təqdim edilməlidir.