İspaniyanın cənubunda ifrat sağçılarla miqrantlar arasında toqquşmalar baş verib, 5 nəfər yaralanıb
İspaniyanın cənubunda ifrat sağçılarla miqrantlar arasında toqquşmalar baş verib. “Reuters” agentliyinin xəbər verdiyi üzrə, qarşıdurma ehtimal ki Afrika əsilli gənclərin Tore-Paçeko şəhərində yerli sakinə hücum etməsindən sonra başlayıb. Toqquşmalar zamanı beş nəfər yaralanıb, bir nəfər isə saxlanılıb.
Sosial şəbəkələrdə yayılan videolarda etiraz aksiyasının iştirakçıları ilə əllərində Mərakeş bayraqları tutan vətəndaşların bir-biri ilə necə qarşıdurma yaşadığı görünür.
Bundan əvvəl şəhər administrasiyasının rəhbərinin çağırışı ilə meriyanın yaxınlığına 2 000-ə yaxın insan toplaşıb. Yerli media 68 yaşlı kişiyə hücumun mitinqin keçirilməsinin səbəbi olduğunu yazır. Jurnalistlərin məlumatına əsasən, meriya binası yaxınlığında keçirilən aksiya dinc xarakter daşıyıb, lakin onun başa çatmasından sonra radikal fəalların bir hissəsi küçələrdə Şimali Afrika əsilli şəxsləri təqib etməyə başlayıb.
“Reuters”in yazdığı kimi, Tore-Paçeko şəhərinin sakinlərinin üçdə biri əcnəbidir. Onların bir çoxu kənd təsərrüfatı sahəsində çalışır.