İspaniyada telefon əlaqəsi və internetin fəaliyyəti ilə bağlı nasazlıq yaranıb
Bu barədə ispan mediası məlumat yayıb.
Nasazlığın səbəbi, ispan telekommunikasiya şirkəti “Telefónica”nın şəbəkəsində aparılan yenilənmə işləri zamanı baş vermiş müəyyən “insident” olub.
“Şəbəkənin modernizasiyası üçün müəyyən işlər apardıq və bu, bəzi şirkətlərdə müəyyən xidmətlərə təsir göstərdi. Biz problemi aradan qaldırmaq üzərində işləyirik,” – deyə “Telefónica” şirkətindən bildirilib.
İspan mediası yazır ki, nasazlıq ölkənin bəzi hissələrində fövqəladə yardım xidmətlərinin fəaliyyətinə də təsir edib. Xüsusilə, ümumi təcili yardım nömrəsi olan 112 işləmirdi.
Britaniyanın LBC kanalının məlumatına görə, nasazlıq İspaniyanın bütün aparıcı mobil operatorlarının fəaliyyətini əhatə edib. İstifadəçilər zəng edə bilmədiklərini, SMS mesajları ala bilmədiklərini və mobil internetdən istifadə edə bilmədiklərini bildiriblər.
Xatırladaq ki, aprelin 28-də İspaniya və Portuqaliyada elektrik enerjisi kəsilmişdi, bu da dəmiryolu nəqliyyatının işinə təsir göstərmiş, yüzlərlə aviareys ləğv edilmiş, mağazalar və xəstəxanalar fəaliyyətini dayandırmışdı. Elektrik enerjisinin kəsilməsinin səbəbi hələ də məlum deyil.