İspaniya miqrant axınının artması səbəbindən Seuta anklavına hərbçilər göndərib
İspaniya hökuməti bildirib ki, təhlükəsizliyin gücləndirilməsi məqsədilə Şimali Afrikadakı Seuta anklavında hərbi bölmələr yerləşdiriləcək. Bu çərçivədə bölgəyə Silahlı Qüvvələrin 60 hərbçisi və Mülki Qvardiyanın 30 əməkdaşı göndəriləcək.
İspaniyanın Daxili İşlər Nazirliyindən bildirilib ki, “Silahlı Qüvvələr Mülki Qvardiyaya öz səlahiyyətlərini həyata keçirməkdə və digər zəruri tədbirlərin görülməsində dəstək verəcək ki, Seuta şəhərində təhlükəsizlik təmin olunsun.”
Bundan əvvəl Seutanın prezidenti Xuan Xesus Vivas Madridi ölkədə fövqəladə vəziyyət elan etməyə çağırmışdı. İspaniyanın Daxili İşlər Nazirliyi əvvəlcə belə bir addımı istisna etsə də, sonradan şəhərdə asayişin bərpası və təhlükəsizliyin gücləndirilməsi məqsədilə Seutada hərbçilərin yerləşdirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta anklavına cəmi bir neçə saat ərzində minlərlə miqrant daxil olub.