İslandiyanın Baş naziri - Avropa İttifaqına üzvlük haqda danışıqların yenilənməsi ilə əlaqədar referendumu yaxın aylarda keçirəcəyik
İslandiya Avropa İttifaqına üzvlük haqda danışıqların yenilənməsi ilə əlaqədar referendumu yaxın aylarda keçirəcək – bu haqda İslandiyanın Baş naziri Kristrun Frostadotir Varşavaya səfəri zamanı bildirib.
Polşanın Baş naziri Donald Tuskla birlikdə keçirdiyi mətbuat konfransında Frostadotir hökumətin Avropa İttifaqına üzvlük haqda referendum keçirmə tarixini hələ təyin etmədiyini, lakin referendumun yaxın bir neçə ay ərzində mütləq keçiriləcəyini bildirib.
Polşanın Baş naziri Donald Tusk öz növbəsində İslandiyanın Avropa İttifaqına qoşulmasını görməkdən məmnun olacağını bildirib.
Bundan əvvəl “Politico” İslandiyanın Avropa İttifaqına üzvlük haqda danışıqların yenilənməsi ilə bağlı avqust ayında referendum keçirməyi nəzərdən keçirdiyinə dair məlumat yayıb.
Məlumat üçün bildirək ki, İslandiya 2009-cu ildə Avropa İttifaqına üzvlük üçün müraciət etmişdi, lakin 2015-ci ildə İslandiyanın istəyi ilə danışıqlar yenidən dayandırılmışdı. Son sorğulara əsasən, islandların 45%-i ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir, 35%-i isə əleyhinədir.