İrlandiyadakı Rusiya səfirliyi: NATO ölkələri Kalininqrad vilayətini təcrid etməyə cəhd göstərərsə, Rusiya nüvə silahı da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazır olacaq
NATO ölkələri Kalininqrad vilayətini təcrid etməyə cəhd göstərərsə, Rusiya nüvə silahı da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazır olacaq. Bu barədə İrlandiyadakı Rusiya səfirliyinin mətbuat xidməti açıqlama yayıb.
“Avropanın məsuliyyətsiz və uzaqgörən olmayan siyasi elitası təhlükəli oyun oynayır. Rusiya xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda bildirdiyi kimi, Qərb bizə hücum edərsə, biz cavab verəcəyik və bu, tamamilə fərqli müharibə olacaq – həm də çox qısa”, – deyə açıqlamada bildirilib.
Səfirlik bəyan edib ki, Avropa İttifaqı və NATO Rusiyanın bütün qərb sərhədi boyunca hərbi fəallığı artırır. Alyans üzvləri davamlı olaraq hərbi təlimlər keçirir və Rusiyanın sərhədləri yaxınlığında Fransa nüvə silahlarının yerləşdirilməsini də nəzərdə tutan “qabaqlayıcı çəkindirmə” təşəbbüslərinə qoşulurlar.
Səfirlik həmçinin NATO-nun Kalininqrad vilayətinin hava və dəniz blokadasına hazırlaşması ilə bağlı məlumatları qeyd edib.
“Belə bir ssenaridə silahlı münaqişə riski yüksəkdir. Bu isə o deməkdir ki, Rusiya münaqişənin ilkin mərhələsində alyans ölkələrində qərar qəbul edən mərkəzlərə qabaqlayıcı zərbələr endirəcək”, – deyə diplomatik nümayəndəlik bildirib.
Bununla yanaşı, qurum qeyd edib ki, Rusiyanın “Avropa ilə vəziyyəti gərginləşdirmək üçün nə planı, nə səbəbi, nə də real motivləri var” və Avropa ölkələrini bu məsələyə çox ciddi yanaşmağa çağırıb.