İrkutsk vilayətinin qubernatoru, Vəba Tədqiqat İnstitutunun laboratoriyasının vəfat etmiş əməkdaşı ilə təmasda olan şəxslərdə yoluxucu xəstəliyin əlamətlərinin aşkar edilmədiyini bildirib
Sibirdə Vəbaya Qarşı Tədqiqat İnstitutunun laboratoriyasının vəfat etmiş əməkdaşı ilə təmasda olan şəxslərin tibbi müayinəsi başa çatıb – bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev açıqlayıb.
O, vəfat etmiş qadınla təmasda olan şəxslər üzərində aparılan tibbi müşahidə nəticəsində yoluxucu xəstəliklə bağlı heç bir sağlamlıq probleminin aşkar edilmədiyini deyib. Təxminən 5 000 laboratoriya nümunəsində təhlükəli patogen mikroorqanizmlər tapılmayıb.
Qubernatorun bəyanatına əsasən, vəfat etmiş əməkdaş peyvənd olunmuşdu və işlədiyi təhlükəli patogenlərə karşı immunitetə malik idi. O, institutda təhlükəsizlik qaydalarına riayət olunduğunun təsdiqləndiyini və patogen mikroorqanizmlərlə bağlı insidentlərin aşkar edilmədiyini deyib.
Kobzevin bəyanatına əsasən, Ümumdünya Səhiyyə Təşkilatı da ictimai səhiyyə üçün təhlükənin olmadığını təsdiqləyib, müvafiq olaraq, karantin ləğv edilib və regionda işlər adi rejimdə davam edir.
Məlumat üçün bildirək ki, 28 yaşlı laborant Darya Şipilova oktyabrın 2-də vəfat edib. Mövcud məlumata əsasən, laboratoriyada işləyərkən onun tərkibində vəba patogeni olan sınaq şüşəsi zədələnib. Rusiyanın rəsmi qurumları bu versiyanı təsdiqləmirlər. Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Ştatlar tərəfindən məlumat tələbi və təzyiqə baxmayaraq, Rusiya hakimiyyəti indiyədək onun ölüm səbəbinin vəba olub-ola bilməyəcəyini birmənalı şəkildə bəyan etməyib. Rusiya hakimiyyətinin bəyanatına əsasən, Darya pnevmoniyadan vəfat edib, lakin xəstəliyin törədici səbəbi müəyyən edilməyib.