İranın sabiq şahının oğlu İranda "milli üsyanın yeni mərhələsi"nin başladığını bildirir və nümayişçiləri binaları ələ keçirməyə çağırıb
İranın sabiq şahının oğlu İranda "milli üsyanın yeni mərhələsi"nin başladığını bildirir və nümayişçiləri binaları ələ keçirməyə çağırıb

 

İranın sabiq şahının oğlu Reza Pəhləvi İranda “milli üsyanın yeni mərhələsi”nin başladığını bildirir və nümayişçiləri binaları ələ keçirməyə çağırıb. Reza Pəhləvi bu barədə X sosial şəbəkəsində yazır.

“Son iki həftə ərzində, xüsusən də son dörd gündə bütün ölkə miqyasında kütləvi nümayişlərlə qanunsuz İslam Respublikasının təməllərini sarsıtdınız. İndi… İslam Respublikasını devirmək və əziz İranımızı bərpa etmək üçün milli üsyanın yeni mərhələsini elan edirəm” – Reza Pəhləvi yazır.

Onun sözlərinə əsasən, İran daxilində Ayətullah rejiminin təbliğatı ilə məşğul olan və İranda rabitəni kəsməyə görə məsuliyyət daşıyan bütün qurumlar “qanuni hədəf” olmalıdır. Bununla yanaşı, Pəhləvi güc strukturlarının əməkdaşlarını “xalqın tərəfində dayanmağa və iranlıları öldürməyi dayandırmağa”, xaricdə yaşayan iranlıları isə İranın diplomatik nümayəndəliklərini ələ keçirməyə çağırır.

“Bütün İran səfirlikləri və konsulluqları İran xalqına məxsusdur. Onları İslam Respublikasının utancverici bayrağı əvəzinə İranın milli bayrağı ilə bəzəməyin vaxtı yetişib” – Pəhləvi yazır.

O bildirib ki, İranda dinc nümayişçilərin öldürülməsinin sayının artması “rejimin yaxınlaşan sondan qorxduğunu” göstərir.

“İranın azadlığı artıq yaxındır. Biz tək deyilik. Beynəlxalq yardım tezliklə gələcək. Növbəti mesajlarımı gözləyin” – Pəhləvi yazır.

Reza Pəhləvi hazırda monarxiyanın devrilməsindən sonra getdiyi ABŞ-da yaşayır. O, ixtisasca pilotdur və ABŞ Hərbi Hava Qüvvələrində hazırlıqdan keçib. O, İranda monarxiyanın bərpasını tələb etmir, lakin iranlıların özlərinin ölkədə idarəetmə formasını seçəcəyi referendum keçirilməsini dəstəkləyir.