İranın xarici işlər nazirinin müavini – Biz qonşu ölkələri hədəf almırıq, Azərbaycandakı insident barədə ilk dəfə eşitdim, bu məlumatla tanış olmalıyam, bundan sonra şərh verə bilərəm
“Biz qonşu ölkələri hədəf almırıq, əgər onların ərazisi günahsız İran xalqına hücum üçün istifadə olunmursa”, – bunu İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.
Qaribabadi bu bəyanatı Azərbaycan mediasına müsahibəsində verib.
“İran qonşu ölkələrə hücum etmir, yalnız o halda istisna ola bilər ki, həmin ölkənin ərazisində bizim fəal rəqiblərimiz – konkret olaraq İsrail və ABŞ yerləşsin və ya həmin ölkənin ərazisi İran İslam Respublikasının günahsız xalqına qarşı hücum üçün istifadə olunsun. Biz əvvəldən bildirmişik ki, əgər regionda İrana qarşı hücum üçün istifadə olunan hərbi bazalar varsa və orada Amerika qüvvələri yerləşirsə, o zaman biz onları hədəfə alacağıq. Bu, əvvəlcədən elan etdiyimiz siyasətdir”, – deyə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.
Jurnalist Qaribabadidən Azərbaycanda, xüsusilə Naxçıvan aeroportuna İran dronlarının hücumu ilə bağlı sual verib. Qaribabadi isə bildirib ki, bu hadisə barədə ilk dəfə eşidir.
“Biz qonşu ölkələri hədəf almırıq. Bu insident barədə ilk dəfə sizdən eşitdim. Məlumatın mənbəyini araşdırmalıyam və bu məlumatla tanış olmalıyam. Bundan sonra şərh verə bilərəm”, – deyə Qaribabadi bildirib.