İranın xarici işlər nazirinin müavini - ABŞ diplomatik danışıqları yeniləmək istəyirsə, İrana qarşı yeni hücumları istisna etməlidir
İranın xarici işlər nazirinin müavini - ABŞ diplomatik danışıqları yeniləmək istəyirsə, İrana qarşı yeni hücumları istisna etməlidir

 

İranın xarici işlər nazirinin müavini Macid Taxt-Ravançi bildirib ki, ABŞ diplomatik danışıqları yeniləmək istəyirsə, İrana qarşı yeni hücumları istisna etməlidir.

Macid Taxt-Ravançinin “BBC”yə müsahibəsində izah etdiyi kimi, Tramp administrasiyası vasitəçilər vasitəsilə İrana danışıqlara qayıtmağı təklif edir, lakin yeni hücumlar məsələsində “mövqeyini dəqiqləşdirməyiblər”.

“Biz bu suala cavab axtarırıq: danışıqlar zamanı təcavüzün təkrarlanacağını görəcəyikmi?” – Taxt-Ravançi bildirib.

İranın xarici işlər nazirinin müavini təsdiqləyib ki, İran dinc məqsədlər üçün uranı zənginləşdirmək hüququnu “mütləq özündə saxlayacaq”.

“Səviyyəni müzakirə edə bilərik, potensialı müzakirə edə bilərik, lakin uranı heç zənginləşdirə bilməməliyik və razılaşmasanız, sizi bombalayacağıq deyilməsi – bu, cəngəlliyin qanunudur” – İranın xarici işlər nazirinin müavini bildirib.

İsraillə atəşkəsin davam etdirilməsi ilə bağlı İranın xarici işlər nazirinin müavini deyir ki, bunun nə qədər davam edəcəyi “aydın deyil”, lakin İran onlara qarşı “hərbi hücum həyata keçirilməyənə qədər” onu müdafiə edəcək.

Bununla yanaşı, Macid Taxt-Ravançi avropalı liderlər tərəfindən ABŞ və İsrailin hücumlarına dəstəyi “gülməli” kimi qiymətləndirib.

“Əgər Amerikanı tənqid etməyə cəsarətləri yoxdursa, susmalı və təcavüzə haqq qazandırmağa çalışmamalıdırlar” – Taxt-Ravançi bildirib.

“Biz müharibə istəmirik. Dialoqa və diplomatiyaya qoşulmaq istəyirik, lakin ayıq və ehtiyatlı olmalıyıq ki, yenidən təəccüblənmiş vəziyyətdə qalmayaq” – İranın xarici işlər nazirinin müavini “BBC”yə deyib.