İranın xarici işlər naziri – Aksiya iştirakçılarının edam edilməsi planı yoxdur, bu məsələ gündəmdə deyil
İranın xarici işlər naziri – Aksiya iştirakçılarının edam edilməsi planı yoxdur, bu məsələ gündəmdə deyil


İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, İranda hökumət əleyhinə aksiyalarla bağlı nümayişçilərin edam edilməsi planları yoxdur.

“Edam planı yoxdur. Edam məsələsi gündəmdə deyil”, – deyə Araqçi Fox News-a verdiyi müsahibədə qeyd edib.

Eyni zamanda, Abbas Araqçi bildirib ki, İranda baş verən etiraz aksiyaları əslində sadə nümayişlər deyil, terror əməliyyatları olub.

“Orada terrorçu qruplar var idi. Onlar İslam Dövləti üslubunda terror əməliyyatlarından istifadə etdilər. Polis əməkdaşlarını diri-diri yandırdılar, başlarını kəsdilər və həm polisə, həm də insanlara atəş açmağa başladılar”, – deyə Araqçi bildirib.

İranın xarici işlər nazirinin sözlərinə görə, terrorçuların əsas məqsədi qurbanların sayını artırmaq və bununla Donald Trampı münaqişəyə cəlb etmək olub.

“Prezident Tramp demişdi ki, əgər qətllər baş verərsə, müdaxilə edəcək. Onlar onu münaqişəyə çəkmək istəyirdilər. Bu, açıq-aşkar İsrailin fitnəsi idi. Baxmayaraq ki, qurbanların sayını artırmağa çalışırdılar, ölənlərin sayı cəmi bir neçə yüz nəfərdir. Dəqiq rəqəmləri çox tezliklə, bəlkə də bu axşam hökumətimiz açıqlayacaq”, – deyə İranın xarici işlər naziri vurğulayıb.