İran XİN: Ayətullah Əli Xameneinin dəfn mərasimində 100 ölkənin nümayəndələri iştirak edəcəklər

11:49, 03.07.2026

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin verdiyi məlumata görə, Ayətullah Əli Xamenei ilə vida və dəfn mərasimində 100 ölkənin nümayəndələri iştirak edəcəklər. Onların arasında dövlət başçıları, parlament sədrləri, xarici işlər nazirləri və hökumətlərin xüsusi nümayəndələri də olacaq.

Bəqai bildirib ki, Xameneinin vida və dəfn mərasimi təkcə İran xalqı üçün deyil, həmçinin region xalqları, müsəlmanlar və “dünyanın azad xalqları” üçün də tarixi və xüsusi əhəmiyyət daşıyan hadisədir.

Vida mərasimləri iyulun 9-dək davam edəcək. Ayətullah Əli Xamenei Məşhəd şəhərində, İmam Rza müqəddəs ziyarətgahında dəfn olunacaq.

İsmayıl Bəqainin sözlərinə görə, dəfn mərasimi iyulun 3-də yerli vaxtla saat 08:00-da başlayacaq. İyulun 4-5-də Tehranda, İmam Xomeyni məscidində anım mərasimləri keçiriləcək. Dəfn yürüşü iyulun 6-da paytaxt Tehranda baş tutacaq. İyulun 7-də müqəddəs Qum şəhərində, son vida mərasimi isə iyulun 9-da Məşhəddə keçiriləcək.

Xatırladaq ki, Ayətullah Əli Xameneinin həlak olması barədə ilk məlumat fevralın 28-də yayılmış, İran dövlət mediası isə bu xəbəri martın 1-də təsdiqləmişdi. Məlumata görə, o, ABŞ və İsrailin İrana qarşı birgə hücumunun ilk günü Tehrandakı iqamətgahına edilən hücum zamanı həyatını itirib. Davam edən hərbi əməliyyatlar səbəbindən onun dəfn mərasimi təxirə salınmışdı.

Oxşar