İran və Oman Hörmüz boğazında dəniz nəqliyyatının açılması barədə razılığa gəliblər
İran və Oman Hörmüz boğazında dəniz nəqliyyatının bərpası barədə razılığa gəliblər.
Ərəb mediası “Əl-Hədət” diplomatik mənbəyə istinadən yazır ki, bir neçə gün ərzində elan oluna biləcək razılaşma hazırda İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.
Hörmüz boğazı ilə bağlı razılaşma 60 gün müddətində qüvvədə olacaq. Mənbənin məlumatına görə, Hörmüz boğazına daxil olan gəmilər İrana daha yaxın olan dəniz zolağından, boğazdan çıxan gəmilər isə Oman Sultanlığına daha yaxın olan dəniz zolağından istifadə edəcəklər.
Təklif olunan razılaşma boğazdan keçən gəmilər üçün tranzit rüsumlarının və ya xidmət haqlarının tətbiqini nəzərdə tutmur. Mənbə bildirib ki, regional güclər boğazın minalardan təmizlənməsi və naviqasiyanın asanlaşdırılması üçün zəruri texniki prosedurlarda iştirak edə bilərlər.