İran Səudiyyə Ərəbistanını və „Husilər“i danışıqlara çağırır – Səudiyyə Ərəbistanı Yəməndə „Husilər“in ələ keçirdiyi hava limanını bombalayıb
Səudiyyə Ərəbistanı Yəməndə „Husilər“ üsyançı qruplaşmasının ələ keçirdiyi hava limanını bombalayıb. Bu barədə „Sky News“ qruplaşma ilə əlaqəli media vasitələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum „Husilər“in sentyabrın 10-da ələ keçirdiyi Moha şəhərinin hava limanına həyata keçirilib.
Bununla yanaşı, İranın Səudiyyə Ərəbistanını və „Husilər“i danışıqlara çağırdığı məlum olub. Rəsmi Tehran Səudiyyə Ərəbistanından „Husilər“in nəzarətində olan ərazilərdəki liman və hava limanlarına tətbiq etdiyi blokadanı dayandırmağı tələb edib.
Bundan əvvəl isə məlum olub ki, Yəməndə fəaliyyət göstərən, İranın dəstəklədiyi „Husilər“ qruplaşması Bab əl-Məndəb boğazı yaxınlığında yerləşən Dübab liman şəhərini ələ keçirib. Medianın məlumatına görə, qruplaşma artıq boğaz boyunca yerləşən sahilyanı şəhərlər üzərində tam nəzarəti ələ keçirməyə yaxınlaşır və Yəmənin Qırmızı dəniz sahillərinin bütün zolağını nəzarətə götürməyə çalışır.
Sentyabrın 8-də Yəmən husiləri Səudiyyə Ərəbistanına hücum edib və nəticədə 73 nəfər yaralanıb. Bundan sonra beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti müttəfiqləri ilə birlikdə „Husilər“ qruplaşmasına qarşı hücuma keçib.
Qeyd edək ki, „Husilər“ Yəmənin şimal-qərb hissəsinə nəzarət edən yəmənli qruplaşmadır. „Husilər“ özlərini „Ənsar Allah“ adlandırır və İranla sıx əlaqələrə malikdir. Qruplaşma son illərdə strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazında hərəkət edən gəmilərə tez-tez hücumlar həyata keçirir.