İran prezidenti – ölkəyə xaricdən məscidləri yandıran terrorçular gətirilib, ABŞ və İsrail insanlara göstərişlər verir, xalqımızı dinləməyə hazırıq
İran prezidenti Məsud Pezeşkian bildirib ki, xarici qüvvələrlə əlaqəli “terrorçular” insanları öldürür, məscidləri yandırır və ictimai mülkiyyətə hücum edirlər.
Məsud Pezeşkianın sözlərinə görə, İranın düşmənləri ölkədə xaos və qarışıqlıq yaratmağa çalışırlar.
“Ölkəyə xaricdən məscidləri yandıran terrorçular gətirilib. Bu ölkəyə mənsub olan kimsə nəyəsə etiraz edirsə, biz həmin etirazı dinləyir və həll edirik”, – deyə Pezeşkian qeyd edib.
İran prezidenti ölkə rəhbərliyinin öz xalqını dinləməyə hazır olduğunu bildirib.
“Biz iqtisadi problemləri istənilən vasitə ilə həll etməyə qəti qərarlıyıq”, – deyə İran prezidenti mediaya müsahibəsində vurğulayıb.
Bununla yanaşı, Məsud Pezeşkian baş verən iğtişaşlarda ABŞ və İsraili ittiham edib.
“ABŞ və İsrail insanlara göstərişlər verir və deyirlər: gedin, biz sizi dəstəkləyirik. Elə həmin insanlar bu ölkəyə zərbə endirən, gənclərimizi, uşaqlarımızı öldürənlərdir. Ailələrdən xahiş edirəm ki, gənc övladlarınızın iğtişaş iştirakçılarına və terrorçulara qoşulmasına yol verməyin”, – deyə İran prezidenti bildirib.