İran parlamentinin spikeri – Nə qədər böyük hərbi gücümüz olsa da, xalq acdırsa və maliyyə dövriyyəsi yoxdursa, sağ qala bilmərik; təhlükəsizlik və iqtisadiyyat eyni bədənin iki qanadıdır
İran parlamentinin spikeri – Amerikalılar və israillilər İran və İraqı hərbi yolla məğlub edə bilməyəcəklərini anlayıblar, buna görə koqnitiv və iqtisadi müharibəyə başlayıblar
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf İraqa səfəri zamanı bildirib ki, ABŞ və İsrail İran və İraqı hərbi yolla məğlub edə bilməyəcəklərini anlayaraq koqnitiv və iqtisadi müharibəyə keçiblər.
Qalibaf Hörmüz boğazı, Fars körfəzi, Bab əl-Məndəb boğazı və Süveyş kanalının coğrafi mövqeyini nümunə göstərərək, dünya dəniz nəqliyyatının 75 faizinin müsəlman ölkələrinin nəzarətində olduğunu bildirib.
“İran və İraq təxminən yarım əsr ərzində ‘nə müharibə, nə də sülh’ və ‘həm müharibə, həm də sülh’ vəziyyətində yaşayıblar. Buna regionun imkanlarına xarici ölkələrin tamahkarlığı səbəb olub. Düşmən bizim resurslarımızı və xammalımızı talamaq üçün gəlib”, – deyə Qalibaf bildirib.
İran parlamentinin spikeri milli valyutalarla ticarətin genişləndirilməsi təşəbbüsünü irəli sürüb və ABŞ-ın hökmranlıq dövrünün başa çatdığını deyib.
“Amerikalılar və israillilər İran və İraqı hərbi yolla məğlub edə bilməyəcəklərini anlayıblar. Buna görə koqnitiv və iqtisadi müharibəyə başlayıblar və indi siz bu sahənin əsgərləri və komandirlərisiniz.
Nə qədər böyük hərbi gücümüz olsa da, xalq acdırsa, maliyyə dövriyyəsi, iqtisadi artım və milli istehsal yoxdursa, biz sağ qala bilmərik. Təhlükəsizlik və iqtisadiyyat eyni bədənin iki qanadıdır. İnvestisiyaların təhlükəsizliyə, təhlükəsizliyin isə iqtisadi dəstəyə ehtiyacı var. Əks halda təhlükəsizlik də sabit olmayacaq”, – deyə İran parlamentinin spikeri qeyd edib