İran Ermənistan-Azərbaycan sülh sazişi layihəsinin razılaşdırılmasını təqdir edir və tərəfləri sənədin mümkün qədər tez imzalanmasına çağırır
İran Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin mətninin razılaşdırılmasını təqdir edir və tərəfləri sənədin mümkün qədər tez imzalanmasına çağırır. Bu haqda İranın xarici işlər naziri Seyid Abbas Araqçi Yerevanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
İranın xarici işlər naziri vurğulayıb ki, İranın mövqeyi dəyişməzdir və Tehran ölkələrin müstəqilliyi və ərazi bütövlüyünə hörmət edir və mövcud beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini qəbuledilməz hesab edir.
Araqçi bütün regional problemlərin diplomatiya yolu ilə, güc tətbiq edilmədən, region ölkələrinin səyləri ilə həll edilməli olduğunu qeyd edib. Nazir regionda sülh, sabitlik və iqtisadi inkişaf üçün sülh sazişinin böyük əhəmiyyət kəsb etdiyini deyib.
Vəziyyətin gərginləşməsi təhlükəsi ilə bağlı sualı cavablandıran nazir qeyd edib: “Ümid edirik ki, mövcud problemlər tezliklə həll olunacaq və sənəd imzalanacaq. Eskalasiya riski var və ümid edirik ki, saziş bu riski minimuma endirəcək, biz isə sabitliyin şahidi olacağıq, bu da ümumi maraqlara uyğundur”.