İran bildirir ki, ABŞ-ın İrana endirdiyi zərbələrin hədəfi mülki infrastruktur, o cümlədən körpülər, dəmiryol stansiyası və hava limanı olub
ABŞ Mərkəzi Komandanlığının İrana qarşı həyata keçirdiyi zərbələrin hədəfi mülki infrastruktur, o cümlədən körpülər, dəmiryol stansiyası və hava limanı olub.
İran mediasının yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, zərbələrin hədəflərindən biri ölkənin cənub-şərqində yerləşən İranşəhr hava limanı, eləcə də Hörmüzqan vilayətində altı körpü olub. Bildirilir ki, həmin hücum nəticəsində yeddi nəfər həlak olub.
Gecə saatlarında ABŞ Qeşm adasına, Bəndər-Abbas və Buşehr şəhərlərinə zərbələr endirib. Buşehr şəhərində nüvə elektrik stansiyası yerləşir.
Buna cavab olaraq, “İran İnqilab Keşikçiləri Korpusu”nun Oman ərazisində yerləşən ABŞ-ın dəniz radiolokasiya stansiyasına, həmçinin Bəhreyn və Küveytdəki hədəflərə zərbə endirdiyi bildirilir.
İran tərəfinin məlumatına görə, Suriyada, İordaniya sərhədi yaxınlığında yerləşən Ət-Tanf bölgəsində ABŞ-ın komanda mərkəzinə də hücum həyata keçirilib. ABŞ tərəfindən bu məlumatla bağlı hələlik açıqlama verilməyib.