İrakli Qaribaşvili: Mən nə Qərbə, nə Şərqə, nə Şimala, nə də Cənuba xidmət edirəm. Mən Gürcüstana xidmət edirəm. Arxadan bıçağı mənə siz vurdunuz
“Mən heç kimlə mübarizə aparmıram. Arxadan bıçağı mənə siz vurdunuz. İndi isə bu ədalətsizlik və qəddarlıqdan özümü və ailəmi qorumağa məcburam”.
Bunu Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, hakimiyyətin panik reaksiyası və tamamilə qeyri-adekvat davranışı sistemin əsl mahiyyətini ortaya çıxarıb.
“Cəmiyyət hakimiyyətin növbəti gülünc, eyni zamanda tamamilə iyrənc və faciəvi maskaradasının şahidi oldu. Hakimiyyət konkret faktlar və ortaya qoyulan suallarla bağlı vaxtında və şəffaf izahat vermək əvəzinə, bir sıra qeyri-ciddi sorğular keçirdi. Bu sorğuların əsas məqsədlərindən biri məni “Milli Hərəkat”la əlaqələndirmək və bütün prosesi elə təqdim etmək idi ki, guya bunların hamısı əvvəlcədən planlaşdırılıb və radikal müxalifətlə koordinasiya olunub.
Son günlər həmçinin öyrəndim ki, guya mən “dərin dövlətin” agenti olmuşam və eyni zamanda Fransanın agentiyəm. “Bəxtim gətirib” ki, başqa xarici dilləri bilmirəm, yoxsa yəqin ki, məni digər ölkələrin də “agenti” elan edərdilər.
Bu gülünc və aciz təbliğat üsuluna hakimiyyətə cavabım belədir: boşuna çalışmayın. Su ilə yağın bir-birinə qarışması mümkün olmadığı kimi, mənim “Milli Hərəkat”la əlaqələndirilməyim də mümkün deyil.
Cəmiyyətə xatırlatmaq istəyirəm ki, bildiyimə görə, artıq təxminən beş aydır Lazare Corbenadzenin intihara sövq edilməsi işi üzrə araşdırma aparılır. Lakin bütün bu müddət ərzində açıq şəkildə suallar ünvanlayan həmin şəxslər və jurnalistlər hələ də dindirilməyib. Əvəzində, mənim məktubum yayımlandıqdan dərhal sonra məktubuma açıq şəkildə münasibət bildirən bütün şəxsləri dindirməyə başladılar.
Mənə qarşı bu çirkli siyasi oyunlara son qoyun. Xalq İrakli Qaribaşvilinin kim olduğunu bilir və cəmiyyət bizim sözlərimizi sizin sözlərinizdən çox yaxşı ayırd edir.
Xalq onu da yaxşı bilir ki, mən nə Qərbə, nə Şərqə, nə Şimala, nə də Cənuba xidmət edirəm. Mən Gürcüstana xidmət edirəm!
Son günlər simasını itirmiş bir çox insanın ləyaqətsiz, saxta və ikiüzlü bəyanat və şərhlərini eşitdim. Ola bilsin ki, onlar məndən cavab gözləyirlər. Lakin onlara demək istəyirəm ki, onlar məndən cavab almağa belə layiq deyillər.
Yalnız Şalva Papuaşviliyə cavab vermək istəyirəm: Şalva, bu hüquqi proses deyil – bu, amansız siyasi təqibdir!
Bir daha hamınıza xatırladıram: mən heç kimlə mübarizə aparmıram – arxadan bıçağı mənə siz vurdunuz. İndi isə bu ədalətsizlik və qəddarlıqdan özümü və ailəmi qorumağa məcburam”, – Qaribaşvili yazıb.