İrakli Pavlenişvili - Söhbət mülki-siyasi hüquqlardan, ifadə azadlığından, insan həyatının xilas edilməsindən gedirsə, istənilən məbləğin xərclənməsi məqbuldur
İrakli Pavlenişvili - Söhbət mülki-siyasi hüquqlardan, ifadə azadlığından, insan həyatının xilas edilməsindən gedirsə, istənilən məbləğin xərclənməsi məqbuldur

 

Söhbət mülki-siyasi hüquqlardan, ifadə azadlığından, insan həyatının xilas edilməsindən gedirsə, istənilən məbləğin xərclənməsi məqbuldur – bu barədə “Milli Hərəkat”ın baş katibinin müavini İrakli Pavlenişvili deyib.

Pavlenişvilinin qeyd etdiyi kimi, qeyri-hökumət təşkilatları ilə əlaqədar daha bir repressiv tədbir görülüb.

“Qeyri-hökumət təşkilatları tərəfindən zorakılıq heç vaxt maliyyələşdirilməyib. Bunu qəti şəkildə deyə bilərik. Söhbət mülki-siyasi hüquqlardan, ifadə azadlığından, insan sağlamlığının və həyatının xilas edilməsindən gedirsə, istənilən məbləğin xərclənməsi əlbətdə məqbuldur və zəruridir. Sən demə bu cür zorakılıqdan özünü müdafiə edən insanlar zorakılıq törədənlərdir” – İrakli Pavlenişvili bildirib.

Gürcüstan Prokurorluğunda cari istintaq çərçivəsində, məhkəmənin qərarı əsasında, bir neçə qeyri-hökumət təşkilatının bank hesablarına həbs qoyulub.

Söhbət sabotaj, ağırlaşdırıcı hallarda sabotaj cəhdi, xarici təşkilata və xaricin nəzarətində olan təşkilata düşmənçilik fəaliyyətində kömək etmək və Gürcüstanın konstitusiya quruluşu və milli təhlükəsizliyinin əsaslarına qarşı yönəlmiş fəaliyyət üçün maliyyə vəsaitlərinin səfərbər edilməsinə aid olan istintaqdan gedir.

Belə ki, aşağıdakı qeyri-hökumət təşkilatlarının hesablarına həbs qoyulub: “Vətəndaş Cəmiyyəti Fondu”, “Ədalətli Seçkilər və Demokratiya Beynəlxalq Cəmiyyəti”, “Məlumat Azadlığının İnkişafı İnstitutu”, “Demokratiyanın Qoruyucuları”, “Gürcüstan Demokratik Təşəbbüsü”, “Safari” və “Sosial Ədalət Mərkəzi”.

Prokurorluğun izahatına əsasən, qeyd olunan qeyri-hökumət təşkilatlarının fəaliyyəti öz nizamnamələrində müəyyən edilmiş məqsədləri aşır və alınan maliyyə vəsaitinin əhəmiyyətli hissəsini qanunazidd hərəkətlərin maliyyələşdirilməsinə sərf ediblər.

Prokurorluqda bildirirlər ki, bank hesablarına həbs qoyulması ilə vəsaitlərin daha sonra məqsədsiz istifadəsi məhdudlaşdırıldı.