İrakli Kobaxidze – Potidə yeni yanalma körpüsünün tikintisinin təməlini qoyuruq, bu da ölkəmizin iqtisadi və nəqliyyat potensialının inkişafı üçün çox vacib hadisədir

14:49, 25.06.2026

 

Şadam ki, bu gün Potidə yeni yanalma körpüsünün tikintisinin təməlini qoyuruq, bu da ölkəmizin iqtisadi və nəqliyyat potensialının inkişafı üçün çox vacib hadisədir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Poti limanının yeni yanalma körpüsünün tikintisinə başlanılması mərasimində çıxışı zamanı deyib.

Hökumət başçısının qiymətləndirməsinə əsasən, Poti dəniz limanının genişləndirilməsi Gürcüstanın regional logistika mərkəzi kimi möhkəmlənməsinin növbəti göstəricisidir.

“Bu layihə dövləti, gürcü biznesini və Amerikanın maliyyə institutlarını ümumi məqsəd ətrafında birləşdirir. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu layihə, etimada və ümumi dəyərlərə əsaslanan, dayanıqlı inkişaf məqsədlərinə yönəlmiş əməkdaşlığın hər zaman nəzərəçarpan nəticələr verdiyinin daha bir bariz sübutudur. Eyni zamanda, bu irimiqyaslı ideyanın təşəbbüskarı və icraçısının gürcü şirkəti olması xüsusi əhəmiyyət kəsb edir. “Pace Group”un uğuru göstərir ki, yerli biznes beynəlxalq tərəfdaşlarla birlikdə ölkəmizin iqtisadi gələcəyini quran bu cür irimiqyaslı layihələri həyata keçirmək üçün lazımi səriştəyə və bütün resurslara malikdir” – baş nazir bildirib.

Məlumat üçün bildirək ki, ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC), “PACE Group” şirkəti ilə 25 milyon dollar məbləğində ikinci kredit müqaviləsi imzalayıb. Maliyyələşdirmə Poti yeni dəniz limanının ikinci yanalma körpüsünün tikintisinin başa çatdırılmasına sərf olunacaq.

Oxşar