Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Özbəkistan Respublikasına rəsmi səfəri başladı.
Özbəkistanın Baş naziri Abdulla Aripov, vitse-baş nazir Camşid Xocayev və Daşkəndin meri Şavkat Umurzakov İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Gürcüstan hökumətinin başçısını qarşılayıblar.
Rəsmi səfər çərçivəsində Gürcüstanın Baş nazirinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzioyev, baş nazir Abdulla Aripov, eləcə də Ali Məclisin Qanunvericilik Palatasının sədri və Senatın sədri ilə görüşləri planlaşdırılır.
Daşkənddə iki ölkənin hökumət üzvlərinin iştirakı ilə Gürcüstan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçiriləcək.
Gürcüstanın Baş naziri Özbəkistan Respublikasına birinci vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Bocorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, idman naziri Şalva Qoqoladze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə birlikdə səfər edib.
Məlumatı Gürcüstanın Hökumət Administrasiyasının mətbuat xidməti yayır.