İrakli Kobaxidze – Xaricdən tətbiq etdirilməyə çalışılan tendensiyalara qarşı durmaq üçün hər şeyi etməliyik, qanunvericilik də buna xidmət edir, bunun üçün müvafiq departament yaradılıb
“Biz hər şeyi etməliyik ki, xaricdən tətbiq etdirilən tendensiyalara qarşı dura bilək”, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin strukturunda müvafiq departament məhz bu məqsədlə yaradılıb.
“Strasburq qərarı tamamilə sağlam yanaşmaya əsaslanır. Prinsip sadədir: hər hansı cəmiyyətdə nifrətə və aqressiyaya yol verilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı məhz bu yanaşmaya əsaslanır və yaxın zamanda qəbul etdiyimiz qanunvericilik də eyni prinsiplərə söykənir.
Bilirsiniz ki, ölkə xaricindən bizə nifrət və aqressiya təlqin etməyə çalışırlar. Bu, Gürcüstan cəmiyyəti üçün qeyri-təbii bir haldır. Buna görə də biz xaricdən tətbiq etdirilən bu tendensiyalara qarşı durmaq üçün hər şeyi etməliyik. Qanunvericilik də buna xidmət edir, Daxili İşlər Nazirliyinin strukturunda müvafiq departament də məhz bunun üçün yaradılıb. Bu istiqamətdə işlər fəal şəkildə davam etdirilməlidir”, – deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən, şəxsi bloqda təhqiramiz bəyanatların yayılmasına görə həbs cəzasının tətbiqi ifadə azadlığı hüququnun pozulması hesab edilmir.